İranda etirazlar dayanmır. Bütün İran boyu yüzminlərlə insan təməl haqlarının qorunması üçün tələblər irəli sürür, etiraz aksiyaları keçirirlər. Ümumi etiraz dalğasında hər xalqın, hər bölgənin özünəxas istəkləri olduğundan, şüarlar bölgədən-bölgəyə dəyişir. Məsələn, Tehran sakinləri hicabsız və niqabsız həyat tələb edirlərsə, Cənubi Azərbaycanda yaşayan türklərin istəyi “Azadlıq, Ədalət, Milli Hökumət”dir!
Ərən yurdu İran...
Günümüzdəki İran ərazisi minillər boyu Qəznəvi, Qaraxanlı, Böyük Səlcuq İmperiyasından tutmuş, Atabəylər, Qaraqoyun-Ağqoyunlu, Səfəvi-Əfşar-Qacarlara kimi böyük türk xalqlarının və xaqanlıqlarının hakimiyyəti altında olub, bu ərazilərdə əsrlərlə türk xalqları dövlətlər qurub, yaşayıb və yayılıblar.
Hələ IX əsrdə Cənubi Azərbaycanda təşəkkül tapıb, sonradan bütün Azərbaycanı vahid dövlətdə birləşdirmiş Saci sülaləsi də türk mənşəli idi. Odur ki, bu gün İranda yaşayan 40 milyonluq türk xalqı öz genetik yaddaşının təlqini ilə minillik dövlətçilik tarixini unuda bilmədiyi üçün fars mərkəzli idarəetmə ilə barışmır və hər fürsətdə milli-azadlıq hərəkatına başlayaraq, milli maraqlarının qorunmasını tələb edir.
İranda hürriyət?!
"Əvvələn salam-dua... və saniyən... Ya rəbbül-aləmin.... Ay ana, deyirlər İrana hürriyət veriblər. Dünən qonsur bizə xəbər verdi ki, bizim payımızı vətəndə paylayacaqlar. İndi, ay ana, mənim payıma hər nə düşsə, göndər…” (Cəlil Məmmədquluzadə, “İranda hürriyət”)
1905-ci il Rusiya burjua-demokratik inqilabı qonşu ərazilərdə də mütləqiyyətə qarşı hərəkatın başlamasına rəvac verir. Bu, özünü Osmanlı Türkiyəsində ikinci konstitusiya dövrü, Çində Sun Yat Sen inqilabı, həmçinin 1905-1911-ci illərdə Qacar dövlətində mütləqiyyətə qarşı başlamış xalq hərəkatı ilə göstərirdi.
Türk-Qacar xanədanında 1905-ci ildə Təbrizdə mütləqiyyətə qarşı başlamış hərəkat Müzəffərrəddin şah Qacarın 1906-cı il 5 avqustda konstitutsiya elan etməsi ilə nəticələnsə də, cəmi 4 ay sonra - 3 yanvar 1907-ci ildə onun yerinə Məhəmmədəli şahın taxta çıxması ilə yekunlaşır.
Eyni ildə Aleksandr Petroviç – Edvard Qrey tərəfindən imzalanmış rus-ingilis əhdnaməsi ilə İranın nüfuz dairələrinə bölünməsilə bağlı anlaşmaya göz yumulur. Bu anlaşmaya görə Qacar xanədanlığının şimalı Rusiyanın, cənubu Britaniya İmperiyasının nəzarətinə keçir, mərkəzi isə hər ikisinin nəzarəti altında Qacar sülaləsinin idarəetməsində qalır. Yeri gəlmişkən, buna oxşar anlaşmanı 2-ci Dünya müharibəsi illərində SSRİ, ABŞ və Böyük Britaniya arasında da görürük.
Bir qədər sonra Britaniya-SSRİ dəstəyindən güc alan Məhəmmədəli şah Qacar əksinqilabi mövqe tutaraq, konstitusiyanı ləğv etmək qərarına gəlir. O, Tehranda inqilabçıların məskəni - Şura Məclisini topa tutaraq, qərar verir ki, məşrutə hərəkatının episentri olan Təbrizə hücuma keçsin. Şah bu hərəkatı öz hakimiyyətinə qarşı təhdid hesab edirdi. Şübhəsiz ki, burada rus və ingilis təsirli motivasiyanı da unutmaq olmaz.
Məhəmmədəli Şah Qacarın atası Müzəffərrəddin şah Qacar nə qədər yumşaq, mülayim və zəif iradəli idisə, özü əksinə, babası Nəsrəddin şah Qacar kimi qəddar, möhkəm və mütləqiyyətçi idi.
Bəs mənim bir abbasım?!
İnqilabın səbəblərini sadalayarkən, təbii ki, həmin ərəfədə İranın sosial-iqtisadi vəziyyətinə baxmaq da lazımdır. İnqilabdan əvvəl İranda yeganə bərkidilmiş yol Tehranla 7 km. aralıda yerləşən Əbdüləzim türbəsi arasında idi. Qalan yollar isə palçıq idi və ümumiyyətlə poçt xidməti mövcud deyildi. Poçt işini erkən orta əsrlərdə olduğu kimi, hələ də çaparlar həyata keçirirdilər. Saysız-hesabsız vergilər, əhalinin yoxsulluğu və məmurların xalqa divan tutması dözülməz həddə çatmışdı. Arazın şimalında yerləşən Azərbaycanın dəfələrlə yüksək həyat şəraiti cənubi azərbaycanlıları inqilaba və dəyişikliyə sövq edən amillərdən idi.
Bu məsələyə toxunan Əhməd bəy Ağaoğlu yazırdı: Qafqaz Azərbaycanında nizam-intizam və həyat şəraiti Qacar Azərbaycanı ilə müqayisədə o qədər yüksək idi ki, sırf şimaldakı fabriklər, zavodlar, dükanlar, neft quyuları və tramvay xəttlərində hambal işləmək üçün on minlərlə cənub azərbaycanlısı sıraya düzülür və əməyini cəmi bir neçə abasıya təklif edirdi. Dolayısıyla, Arazın şimalı Arazın cənubunda yaşayanlar üçün rifah və qurtuluş məkanına çevrilmişdi...
II Qadisiyyə faciəsi
Təxminən 14 əsr əvvəl qədim farsların hədsiz özgüvənləri böyük Sasani dövlətininin süqutu ilə nəticələndi. 14 əsr sonra isə eyni özgüvən, yaxud, əbləh arxayınçılığı İrandakı minillik türk ağalığının sonuna gətirib çıxartdı. Təsəvvür edin, Qacar şahları o qədər ağını çıxarmışdılar ki, ingilis-rus dövlətlərinin təsiri və təzyiqi altında olmalarına baxmayaraq, özlərini Tanrı ilə tay tuturdular. Məsələn, Nəsrəddin şah Qacar elan etmişdi ki, onda olan bütün haqq və hüquq Tanrıdan gəlib və bu vəzifədən onu heç kəs məhrum edə bilməz, kimsənin buna mənəvi və maddi hüququ çatmaz. Bu səbəbdən, özünə “Züllullah” ləqəbi götürən şah elan etmişdi ki, bütün dünyanın şahıdır və İranda olan hər kəs ona şəkk-şübhəsiz etiqad və itaət etməlidir.
Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, şah Nəsrəddin Qacar yazdırdığı şəcərə ağacında özünü müsəlmanların 4-cü xəlifəsi imam Əli ibn Əbu-Talib ilə qohumluğa calamışdı...
Parisin fontanları
Nəsrəddin şah Qacar 1896-cı ildə Parisdə istirahətdə ikən hava şarında uçur, tramvaya minir və avtomobil idarə edir, fransız şair Hüqo Le Rou ilə görüşür. Le Rou Nəsrəddinə deyir ki, burada hava şarında uçdunuz, tramvayda, avtobilində gəzdiniz, yaxşı qəzetlər, kitablar oxudunuz, teatrlara tamaşa etdiniz. Təmənnamız budur ki, İrana qayıtdıqdan sonra Ari irqindən olan İran xalqına (?!) da bu fürsətləri yaşatmaq üçün əlinizdən gələni edəsiniz...
Nəsrəddin şah: Eşitmişəm, siz şairsiniz, doğrudurmu?
Hüqo Le Rou: Doğrudur, əlahəzrət.
Nəsrəddin şah: Gəl şeiriyyatla bağlı yaradıcılıq və xəyallar qurmaq qabiliyyətimizi elə şeiriyyatda saxlayaq və İran xalqı ilə bağlı boş xəyal qurmayaq.
Qayıdaq Təbrizə
Təbriz daxilində şahı dəstəkləyən qüvvələrlə yanaşı (onlara rus zabit Polimov başçılıq edirdi) inqilabçı qüvvələr arasında gedən mübarizə ikincilərin qələbəsilə yekunlaşır ki, bu qələbədə Səttarxan və köməkçisi Bağırxanın adı önə çıxır.
1907-ci ildə silahlı xalq hərəkatını yatırmaq üçün fars sədr-əzəm Eynüddövlənin göndərdiyi qoşun Təbrizdə darmadağın edilir. Ardınca şah 1908-ci ilin iyununda çar polkovniki Lyaxovu (Lyaxov 1916-cı ildə Trabzonu işğal etmişdi) Tehranın hərbi qubernatoru təyin edib, Təbrizin üzərinə göndərir. Şahın və Lyaxovun kazak süvarilərindən ibarət qüvvələrinin Təbrizə hücumundan sonra Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Hərbi Şuranın baş komandanı Səttarxan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan və digərləri təyin edilirlər.
(Ardını buradan oxuyun)