AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Güneydəki milli hərəkatlarımız: Azadlığın üç damcısı

21:27, 29 Mart 2023 👁 Oxunub: 216

(Yazının əvvəlini buradan oxuya bilərsiniz)

...Şeyx Məhəmməd Xiyabaninin qurduğu Azadıstan Respublikası Cənubi Azərbaycanın tarixində ilk demokratik respublika idi. Respublikanın himni məhz Azərbaycan dilində yazılmışdı. “Təcəddüd” qəzetinin 24-cü sayında yayımlanmış himndən bir parçaya baxaq:

“Azad olsun torpağımız,
Yaylağımız-qışlağımız,
Fəthi-zəfər yoldaşımız,
Torpağımız, dam-daşımız,
Öz əlimiz, öz başımız,
Yaşasın hürriyyət!
Yaşasın hürriyyət!
Yetdi zamanı-imtahan,
nə xoş zamandır bu zaman,
qardaşlarım, qeyrət aman!
Yaşasın hürriyyət!

Lakin Azərbaycan xalqının azadlıq və səadəti uğrunda bu iki simanın dostluğu çox sürmür. 1920-ci ilin sentyabrında Əhməd şah Qacar Hidayət Müxbirüssəltənəni Azərbaycana vali təyin edərək, ona Azadıstanı ləğv etməyi tapşırır. O, ingilis və kazak dəstələrindən ibarət birləşmələri ilə Təbrizə girərək, 4 gün davam edən toqquşmadan sonra milli hökumətin yerləşdiyi Alaqapıya daxil olur.

Sentyabrın 14-də Xiyabani öldürülür.

Azadıstan hökuməti rəsmən öz müstəyilliyini itirir, minlərlə fədai-mücahid sürgün və ya həbs edilir, işgəncələr altında öldürülür.

Xiyabani: “Hər hansı bir xalq nicat tapmaq üçün azad olmalıdır”

Xiyabaninin ölümü ilə bağlı əsasən 2 versiya mövcuddur. Bunlardan biri onun fars qoşunu ilə toqquşmalarda düşmən gülləsindən həyatını itirməsi, digəri isə fars qoşununa bir neçə saat müqavimət göstərib, xeyli sayda düşmən əsgərini öldürdükdən sonra ələ düşməsin deyə, saxladığı son güllə ilə özünü vurmasıdır...

Qısa zaman ərzndə movcud olmasına baxmayaraq, Azadıstanda böyük işlər görülür: Azərbaycan dili dövlət dili elan olunur, Təbrizdə “Məhəmmədiyyə”, “Hikmət” və “Füyuzat” adında məktəblər qurularaq, Azərbaycan dilində tədrisə başlanılır, “Qızıl Aypara” adlı xəstəxana inşa edilir.
Daha sonra vergi-torpaq islahatları aparılır, kəndlilərə torpaqlar paylanılır, aşağı gəlirlilər vergidən azad edilir və yalnız müəyyən olunmuş məbləğdən daha yuxarıda qazancı olanlar vergi verməyə cəlb edilir, Milli Bank açılır, sayı az da olsa (12 min nəfər) milli ordu təşkil edilir və s.

Məhəmməd Xiyabaninin elan etdiyi respublikada din dövlətdən ayrı idi. Xiyabani özü dini təhsil almış bir şeyx olsa da, qətiyyətlə bildirirdi ki, dövlətin və cəmiyyətin inkişafı və tərəqqisi üçün onun həyatında din ictimai münasibətlərdən kənar, dövlət qanunlarından isə uzaq olmalıdır. Cənubi Azərbaycan xalqı Xiyabanidə həm mənəvi, həm də dünyəvi dəyərləri tapmış, onun timsalında özünün sekulyar perspektivini görmüşdü.

Yekunlaşdırasaq, Xiyabaninin yaratdığı Azadıstan özündən sonrakı daha böyük və müfəssəl mübarizə üçün əsl bünövrə hazırlamışdı.

Güney Azərbaycan Milli Hökuməti...

II Dünya müharibəsi başladıqdan sonra İran faktiki olaraq Sovet İttifaqı, ABŞ və Böyük Britaniya arasında nüfuz dairələrinə bölünür. Belə ki, rus qoşunu İranın şimalına, ingilislər və amerikalılar isə mərkəzi və cənubuna daxil olurlar. Bu zaman artıq İranda Qacar sülaləsi tarix səhnəsindən silinmiş (1925-ci ildə sonuncu Qacar şahı Əhməd şah devrilmiş, yerinə Rza şah Pəhləvi gəlmişdi) , İranda türk xalqlarının tarixi izləri itirilməyə başlanmış, dillərində məktəb və mətbuat yasaqlanmış, farslaşdırma siyasəti genişlənmiş və bütün əyalətlərə fars hakimlər təyin olunmağa başlamışdı.

1930-cu ildə Pəhləvilər fars dilini dövlətin yeganə rəsmi dili, 34-35-ci illərdə isə dövlətin adını beynəlxalq müstəvilərdə “İran” elan edirlər. Buna qədər əzən “Persiya”, bəzən “Qacariya” kimi tanınan dövlət Millətlər Liqasında rəsmən “İran” adı ilə qəbul edilir. Bu tarixdən etibarən bütün İranda, həmçinin Azərbaycandakı türk toponimləri dəyişdirilərək farslaşdırılır, yeni doğulan uşaqlara türk adlarının qoyulması yasaq edilir. Bütün sənaye bölgələri Tehrana köçürülür və Cənubi Azərbaycan əhalisi iş üçün Tehran kimi şəhərlərə üz tutmağa məcbur edilir. Bu gün Tehranda milyonlarla Azərbaycan türkünün yaşaması da bu səbəbdən irəli gəlir.

Farslaşdırma prosesi o qədər geniş xarakter alır ki, türklərin yaşadığı bölgələrdə kasada yaşıl çay içmək də qadağan edilmişdi, əvəzinə kiçik stəkanlarda qara çay içmək təbliğ olunurdu. Qeyd edək ki, kasada yaşıl çay içmək qədim türk ənənələrindən gələn vərdişdir.

Britaniya, Sovet İttifaqı və ABŞ arasında İranın nüfuz dairələrinə bölünməsi əslində almanların İranın enerji ehtiyatlarına sahib olmasını əngəlləmək məqsədi daşısa da, yanında ayrı nəticələr də gətirdi. Rza şah Pəhləvinin irtica rejimi zəiflədi və Güney Azərbaycanda yenidən azadlıq hərəkatı baş qaldırdı.

1941-ci ildən etibarən Sovet İttifaqının tərkibindəki Şimali Azərbaycanla Cənubi Azərbaycan arasındakı sərhəd-gömrük sistemi aradan qaldırılır ki, bu, öz növbəsində iki eyni xalq arasındakı qaynayıb-qarışma və iki eyni millət arasındakı birləşmə arzusunu alovlandırır.

Dövlət P(b)aşa!

1944-cü ildə Şimali Azərbaycandan Təbrizə Azərbaycan SSR Ali Sovetinin sədri Əziz Əliyevin rəhbərliyi ilə geniş heyət göndərilir. Əziz Əliyev təhsilini H.Z.Tağıyevin dəstəyi ilə almış, bütün siyasi-diplomatik fəaliyyətini Şimal Azərbaycanın inkişafı ilə yanaşı, Güney Azərbaycanın da tərəqqisinə həsr etmiş bir şəxsiyyət idi.

Onun verdiyi məlumatlarda qeyd edilir ki, Cənubi Azərbaycan Şimalın ayrılmaz parçasıdır və Araz çayının hər iki tərəfində yaşayan xalqlar etnik, mədəni, dini və mental baxımlardan eyni xalqdırlar, aralarında sərhəd olmamalıdır. Yeri gəlmişkən, bu dövrdə çəkilən xəritələrdə də Cənubi Azərbaycan ərazisi Şimali Azərbaycanın tərkibində göstərilirdi.

Təxminən eyni illərdə M.Ə.Rəsulzadə Ankarada yazırdı ki, Cənubi Azərbaycanda türklər nə Rusiyadakı kimi məhkumdur, nə də Türkiyədəki kimi hakim. Hərçənd, o illərdə Türkiydə hakim olan CHP partiyası bu hadisələri “İranın şimalının işğalı kimi” təqdim edirdi.

(Ardını buradan oxuyun)

Tural Bakuvi