AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Güney Azərbaycanda türklərin soyqırımı (I yazı)

21:47, 29 Mart 2023 👁 Oxunub: 216

Güney Azərbaycanın qərb bölgəsində – Urmiya, Salmas, Xoy və ətraf ərazilərdə Azərbaycan türklərinə qarşı erməni-aysor hərbi dəstələrinin törətdiyi soyqırım XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Əslində Güney Azərbaycanda törədilən soyqırım mahiyyət etibarı ilə regionda türklərə qarşı son iki əsrdə ermənilər tərəfindən törədilən soyqırımın tərkib hissəsi sayılır.

Bunda əsas məqsəd isə müsəlman türklərin yaşadığı ərazilərdə və xüsusilə güclü türk dövləti olan Osmanlı imperiyasının qonşuluğunda özlərinə dayaq nöqtəsi kimi süni şəkildə erməni dövləti yaratmaq idi. Lakin ermənilər Azərbaycan torpaqlarına köçürüldükləri üçün burada dağınıq şəkildə yaşayırdılar. Onlar hər bir şəhər və məntəqədə yerli türk əhali ilə müqayisədə əhalinin çox az hissəsini təşkil edirdilər.

Ona görə də erməni dövləti yaratmaq üçün Şimali Azərbaycan və Şərqi Anadoluda olduğu kimi, Cənubi Azərbaycanın qərb bölgəsində də əhalinin əksəriyyətini qətl edib, demoqrafik dəyişikliklə buna nail olmaq məcburiyyətində idilər. Məhz buna görə, türklərin yaşadığı bütün bölgələrdə (Şərqi Anadolu, Quzey və Güney Azərbaycan) eyni taktika ilə soyqırım tətbiq edilib. Yəni yerli türk əhalini qırıb, erməni dövlətinin yaradılmasına şərait yaratmaq istiqamətində işlər aparılmışdır.

1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində, yəni Urmiya, Salmas, Xoy və ətraf ərazilərdə 6 ay müddətində erməni-aysorlardan ibarət yaradılmış xristian qoşunu Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirdilər. Həmin dəhşətli hadisələr zamanı yüzlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Soyqırımın baş verdiyi dövrdə yaşayan Əhməd Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır.

İran dövlətinin Qərbi Azərbaycan əyaləti üçün çap etdirdiyi “Coğrafiyaye ostane Azərbaycane Qərbi” (Qərbi Azərbaycan əyalətinin coğrafiyası) dərsliyində 163 min nəfərin həmin qətliamda öldürüldüyü qeyd olunur. Dr. Tohid Məlikzadə tərəfindən türk dilindən fars dilinə tərcümə edilmiş “Azərbaycan Pəhləvi hakimiyyətinin ilk illərində” (1927-ci il türk hərbi orqanlarına məxfi hesabatı əsasında) adlı kitabda türkiyəli məmurlar Güney Azərbaycanın qərb bölgəsində 160 mindən artıq müsəlmanın həmin hadisələr nəticəsində öldürüldüyünü yazırlar. Lakin daha dəqiq məlumat, bu işlə bağlı hesabat hazırlayan İran mərkəzi hakimiyyətinin Urmiyadakı nümayəndəsi Rəhmətullah xan Mötəmidəlvüzarə tərəfindən verilmişdir.

Xəsarətlərin, o cümlədən insan itkisinin hesablanması üçün yaradılan komissiyanın başçısı olan Mötəmidəlvüzarə yazır ki, şəhərin bəzi məhəllələrinə, eləcə də kəndlərə dəyən xəsarət və can itkisi hesablamalardan kənarda qalmışdır. Lakin I Dünya müharibəsi başlanandan indiyə kimi qeydə alınan və hesablanan can itkisi 160 min nəfər, xəsarət isə təxminən 80 milyon kror tümən idi...

Hesablamalardan kənarda qalan məntəqələri də nəzərə alsaq, maddi xəsarət 100 milyon kror tümən, insan itkisi isə 200 min nəfər olur.

Soyqırıma məruz qalan azərbaycanlılar heç bir günahı olmadığı halda erməni və aysorların zorakılığına məruz qalmışlar. Güney Azərbaycanın qərb bölgəsində törədilən soyqırımdan bir müddət əvvəl İngiltərə və Rusiya Osmanlı ərazisində yaşayan və “cilo” adlanan aysorları Osmanlı dövlətinə qarşı silahlandırıb döyüşə sövq etmişlər. Lakin onlar Osmanlı qoşununa məğlub olaraq, ac-yalavac, canlarını götürüb Güney Azərbaycanın qərb bölgəsinə, əsasən Urmiya və Salmasa pənah gətirmişlər.

Belə bir vəziyyətdə əhalinin dəstəyindən əlavə, Urmiyanın yerli hakimiyyət orqanları Tehran qəzetlərində aysorlara yardım elanları çap etdirib, onları aclıq və ölümdən qurtarıblar. Lakin bunların qarşılığında Osmanlı ərazisindən gələn təxminən 40 min xristian aysor, əraziyə köçüb gəlmiş, Urmu, Salmas ətrafında dağınıq şəkildə yaşayan ermənilərlə birlikdə Rusiya, Fransa, İngiltərə, ABŞ və s. Kimi qərb dövlətlərinin Urmiyadakı missioner təşkilatları və nümayəndəlikləri əlində alətə çevrilərək, 200 min günahsız insanı vəhşicəsinə qətlə yetirmişlər.

(Ardını buradan oxuyun)