Avaz.Biz “Anadolu” xəbər agentliyinə istinadən bildirir ki, Qorbulaq sərhədindən Türkiyəyə daxil olan avtobusu Ağrı vilayətindəki Doğubəyazıd keçid məntəqələrindən birində saxlayan jandarm əməkdaşları oradan siqaret qutularına basdırılmış 6 qram kalifornium aşkar ediblər.
Kalifornium radioaktiv kimyəvi elementi ilk dəfə 1950-ci ildə ABŞ-ın Kaliforniya Universitetinin laboratoriyasında hazırlanıb. Əsasən nüvə enerjisinin alınmasında, bəzən də neft və tibbi tədqiqatlarda istifadə olunan bu element yüksək qiymətə malikdir.
Habelə 378 qızıl sikkənin də aşkarlandığı avtobusun iranlı sürücüsü həbs olunub, vilayət prokurorluğu isə araşdırmalara başlayıb.
Türkiyə rəsmiləri İrandan ölkəyə daxil olan avtomobillərdə narkotik və ya qaçaq malların aşkarlandığını dəfələrlə bəyan ediblər. Təxminən il yarım əvvəl Türkiyənin ticarət naziri İrandan gəlmiş qoşqudan beş yüz kiloqrama yaxın maye metamfetaminin müsadirə edildiyini açıqlamışdı. 2016-cı ilin iyulunda isə Türkiyə mediası sözügedən sərhəd-keçid məntəqəsində bir tonluq bombaya bağlı yeraltı kabelin aşkar edildiyini və təhlükəsizlik qüvvələrinin “terror hücumunun” qarşısını ala bildiyini yazmışdı.
Avaz.Biz