AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Ekspert: “İranla Rusiya arasında enerji mübadiləsi Azərbaycan vasitəsilə daha yaxşı təmin olunacaq”

09:45, 25 İyul 2023 👁 Oxunub: 37

“İran və Rusiya arasında yaxın gələcəyə planlaşdırılan elektrik enerjisi mübadiləsi ən yaxşı şəkildə Azərbaycan vasitəsilə həyata keçirilə bilər”.

Bunu enerji keçidi və dayanıqlı enerji sahəsində kanadalı ekspert Fərid Səfəri deyib. Onun sözlərinə görə, bu, qonşu ölkələr arasında enerji ötürülməsi üçün elektrik şəbəkələrinin sinxronlaşdırılmasının Azərbaycan vasitəsilə daha asan olması ilə əlaqəlidir. İran tərəfinin məlumatına görə, hazırda rəsmi Tehran enerji mübadiləsi əməliyyatlarının başlanması ilə bağlı Moskva və Bakı ilə danışıqların yekun mərhələsindədir. Gürcüstan vasitəsilə mübadilə variantları da nəzərdən keçirilir. F.Səfəri İranın enerji sisteminin artıq Azərbaycan, Əfqanıstan, Ermənistan, İraq, Pakistan və Türkmənistanın enerji sistemlərinə qoşulduğunu bildirib. “İranda yay aylarında elektrik enerjisinə tələbat daha yüksək olur. Xüsusilə hava isti olduqda soyutma sistemlərinə ehtiyac yaranır ki, bu da ölkənin enerji çatışmazlığı ilə üzləşməsinə səbəb olur. Yayda havanın temperaturunun əhəmiyyətli dərəcədə artması ilə xalis enerji istehsalı və dövriyyənin səmərəliliyi azalır”, - o deyib. Buna görə də F.Səfərinin fikrincə, yay aylarında Rusiyada artıq enerji istehsalı və İranda tələbatın ən son həddə çatması İran və Rusiya arasında enerji mübadiləsi layihəsini şərtləndirir. İranın ümumi istehsal sisteminə gəlincə, ölkə elektrik enerjisi istehsalını zəngin qalıq və bərpa olunan enerji mənbələrinə proporsional şəkildə genişləndirə bilməyib. “İranın enerji balansına bərpa olunan mənbələrin töhfəsi əhəmiyyətli dərəcədə artırıla bilər”, - o bildirib. Ekspertin fikrincə, günəş və külək enerjisindən istifadə ölkədə elektrik enerjisi istehsalını artırmaqla yanaşı, həm də şəbəkənin şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, enerji sisteminin karbon tutumunun azaldılması hesabına enerji təhlükəsizliyi səviyyəsini yüksəldəcək. (Report) Avaz.Biz