AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda savadsız əhalinin sayı artıb

15:40, 05 Sentyabr 2023 👁 Oxunub: 144

“7-ci İnkişaf Planı” qanun layihəsinin Konsolidasiya komissiyasının təsdiqi əsasında “Savadlılıq hərəkatı” Təşkilatının qaçılmaz ləğvi elan edildikdən təxminən bir ay sonra yerli media İranda savadsızlıq səviyyəsinin əvvəlkindən daha yüksək olduğunu göstərən yeni statistik rəqəmlər açıqlayıb.

Avaz.Biz “Eko-İran” saytına istinadən xəbər verir ki, dərc olunmuş son məlumata görə, 2021-ci ildə savadsızlığın səviyyəsi İran əhalisinin 12%-nə bərabərdir. Savadsızlıq səviyyəsi bütün əyalətlərdə eyni deyil. Məsələn, Tehran vilayətində yaşayan hər 100 nəfərdən təxminən 6-7 nəfəri savadsızdırsa, Kürdüstan əyalətində savadsızlıq səviyyəsi Tehrandan təqribən üç dəfə çoxdur. Həmçinin İranın yalnız dörd vilayətində savadsızlıq birrəqəmlidir. 10 əyalətdə isə savadsızlığın səviyyəsi 15%-dən çoxdur. Keçmiş təhsil naziri Yusuf Nuri 2016-cı il siyahıyaalmanın nəticələrinə istinadən, ölkədə təxminən 8,8 milyon “tamamilə savadsız” adamın olduğunu bildirib. COVİD-19 pandemiyasından sonra isə İranda məktəbi tərk edənlərin sayı daha da artıb. Savadsızlıq və yoxsulluq arasında birbaşa əlaqə “Eko-İran” saytı əyalətlərin gəlir səviyyəsi ilə onların savadsızlıq səviyyəsi arasında “mənfi korrelyasiya”nın olduğunu yazıb. Belə ki, savadsızların sayı daha çox olan hər bir vilayətin gəliri daha aşağıdır. 2021-ci ildə ölkənin ən yüksək gəlirli vilayəti ilə ən aşağı qazanclı vilayətin hər bir adamının orta gəliri arasında 88 milyon tümən fərq olub. Ölkənin ən zəngin əyaləti olan Tehran vilayətində bir şəhər ailəsinin orta illik gəlirinin təxminən 160 milyon tümən olduğu halda Kirman vilayəti üçün eyni rəqəmin 70 milyon tümən təşkil etdiyi vurğulanır. Avaz.Biz