Vaşinqtonla Tehran arasında əsirlərin mübadiləsi çərçivəsində İranın sərbəst buraxılacaq 6 milyard dollarının yalnız humanitar sahəyə xərclənməsi şərti qoyulsa da, İran hakimiyyəti bu məsələnin şəxsən özünün səlahiyyətində olduğuna eyham vurub.
Avaz.Biz xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Amerikanın “NBC” kanalının aparıcısı Lester Holta eksklüziv müsahibəsində İran hökumətinin ABŞ-lə əsir mübadiləsi çərçivəsində sərbəst buraxılacaq 6 milyard dollarla bağlı qərar verəcəyini və həmin vəsaitin lazım olan yerə xərclənəcəyini bildirib.
“ABŞ və İran arasında əsirlərin mübadiləsinə dair razılaşma təyin olunmuş vaxtda tamamlanacaq. Amerikalı məhbusların sağlamlığı mükəmməldir. İran bu pulu necə xərcləməklə bağlı ixtiyar sahibi olacaq. Bu pullar İrana və İran xalqına məxsusdur. Ona görə də bu pulla nə edəcəyinə İran qərar verəcək. Humanitar məsələlər İran millətinin ehtiyac duyduğu hər şey deməkdir. Ona görə də bu pul onların ehtiyaclarına ayrılacaq və İran dövləti İran millətinin ehtiyaclarını qərar verib müəyyən edəcək”, - Rəisi deyib.
Amma ABŞ rəsmiləri Qətərin Mərkəzi Bankı tərəfindən İranın bu pullara çıxışına nəzarət ediləcəyini, Amerika sanksiyalarının qaydalarına uyğun istifadə çərçivəsində İranın bu vəsaiti yalnız humanitar məqsədlərə xərcləməsinə icazə veriləcəyini bildirirlər.
Avaz.Biz