ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə axşamı insan haqlarını pozduğuna görə İran rəsmilərinə sanksiya tətbiq etmək, Tehranın silah idxalı və ixracına məhdudiyyətlər qoymaq məqsədi daşıyan 3 qətnaməni təsdiqləyib.
Avaz.Biz xəbər verir ki, bu qətnamələrdə Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində İranın lideri, prezidenti və digər rəsmilərinə qarşı sanksiyaların qəbul edilməsi zərurəti vurğulanır. Sözügedən qətnamələr növbəti mərhələdə demokratların üstünlük təşkil etdiyi Senata gedəcək.
Birinci qətnamə İran raketləri və pilotsuz təyyarələrinin istehsalı və ixracı ilə məşğul olan şəxsləri hədəf alır. İkinci qətnamə isə İranın yüksək vəzifəli şəxslərinə qarşı “insan hüquqlarını pozmaq və terrorizmi dəstəkləmək” ittihamı ilə sanksiyalar tətbiq edir. Üçüncü qətnamə hökumətin bəhai icmasına qarşı repressiyalarını sərt şəkildə pisləyir.
Hər üç qətnamənin ABŞ Nümayəndələr Palatasının üzvlərinin böyük əksəriyyəti tərəfindən təsdiqlənməsi İranda Məhsa Əmininin ölümünə cavab olaraq başlayan ötənilki etirazların yatırılması ilə bağlı Konqresin yeni mövqeyinin göstəricisidir.
İkinci qətnamənin müəlliflərindən biri, İndiana ştatından olan respublikaçı konqresmen Cim Benks sosial şəbəkələrdə “Məhsanın öldürülməsinə və igid iranlıların əzilməsinə görə məsuliyyət daşıyanlara sanksiya tətbiq etməyin vaxtı çatdığını” yazıb.
Avaz.Biz