Avaz.Biz Avstraliyanın Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, Avstraliya hökuməti “qadınlar və qızlar da daxil olmaqla İranda insanlara zülm etməkdə məsul saydığı dörd şəxsə və üç quruma qarşı maliyyə sanksiyaları və səyahət qadağası tətbiq edəcək.
“Avstraliya İran xalqı, xüsusilə də davam edən repressiyalar qarşısında böyük şücaət göstərən cəsur qadınlar və qızlarla həmrəydir. Sanksiyaya məruz qalan insanlar arasında İranda məcburi hicab qanunlarını pozduğu iddiası ilə iranlı qadın və qızlara qarşı dəfələrlə qorxuducu və hədələyici bəyanatlar verən "Fərac"ın (SEPAH) sözçüsü Səid Müntəzir əl-Mehdini qeyd edə bilərik”, - Avstraliyanın xarici işlər naziri Penni Vanq qurumun internet səhifəsində yazıb.
Kanadanın "SBS" media kanalının məlumatına görə, FATA polisinin (kiberpolis) rəisi Vahid Məcid və İranın teleradio qurumunun jurnalistləri Əli Rizvani və Aminəsadat Zəbihpur da Avstraliyanın sanksiya tətbiq etdiyi yeni şəxslər arasındadır. Avstraliyanın Xarici İşlər Nazirliyi bu jurnalistlərin “İranda ikili vətəndaşların, mülki fəalların, siyasi məhbusların, yazıçıların və dini azlıqların məcburi etiraflarının yayımlanmasında mühüm rol oynadığını” bildirib.
Həmçinin İranda internet fəaliyyətini məhdudlaşdıraraq söz azadlığının boğulmasında mühüm rol oynayan İranın kiberpolisləri və siyasi motivlərlə həbs edilib mühakimə olunanların zorla etiraflarını yayımlayan, dövlətin dəstəklədiyi "Press Tv" kanalı da hədəfdə olan qurumlardandır.
Avaz.Biz