Avaz.Biz OPEC-in son aylıq hesabatına istinadən xəbər verir ki, İranın gündəlik neft hasilatı avqust ayında iyul ayı ilə müqayisədə 143 min barrel artaraq, 3 milyon barreli haqlayıb.
Ötən il isə İranın orta gündəlik neft hasilatı sutkada 2,5 milyon barreldən bir qədər çox olub.
İranın xam neft hasilatı ötən ay 2018-ci ilin noyabrından bəri ən yüksək həddə çatıb, lakin hələ də ABŞ sanksiyalarından əvvəlkindən 820 min barrel azdır.
Hasilatdakı yüksəlişin böyük hissəsi ölkənin Çinə neft ixracının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Bu ixracatın təxminən 92%-i Çinin, qalanı isə Venesuela və Suriyanın payına düşüb. Bununla belə, neft ixracatındakı əhəmiyyətli sıçrayışa baxmayaraq, ölkənin neft gəlirləri o qədər də artmayıb. Ölkənin Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur ilin ilk beş ayı üçün nəzərdə tutulan neft büdcəsinin yalnız yarısının gerçəkləşdiyini bildirib.
OPEC-in açıqladığı statistikaya görə, İranın ixrac etdiyi xam neftin qiyməti (sanksiyalardan və endirimlərdən yayınma xərcləri nəzərə alınmadan) bu ilin ilk səkkiz ayında 81 dollardan az olub. Halbuki keçən ilin eyni dövründə bu rəqəm 105 dollardan yuxarı idi.
Avaz.Biz