Məhsa Əmininin vəfatının ildönümü gecəsi Evin qadın həbsxanasında 7 qadın məhbus bu gecəni “dini rejimin amansız zülm gecəsi” adlandıraraq, hökumət əleyhinə şüarlar səsləndirib və həbsxanaya daxil olmaqdan imtina edib.
Avaz.Biz “İran İnternational” media resursuna istinadən xəbər verir ki, qadınlar həbsxananın həyətində şal və yaylıqlarını da yandırıblar.
Etirazçılar bu simvolik addımı “dini avtoritar hökumətin amansız zülmünə” etiraz olaraq və məcburi hicab bəhanəsi ilə xalqın Məhsanın və onlarla başqa iranlı qadın və kişinin haqsız yerə ölümünə yas tutduğu gün atdıqlarını açıqlayıblar.
Onlar həmçinin Evin qadın həbsxanasına daxil olmaqdan imtina edərək, həbsxananın həyətində “Diktatora ölüm” və “Qadın, Həyat, Azadlıq” şüarları səsləndiriblər.
“Torpağımızın qız və oğlanlarının küçələrdə və həbsxanalarda haqsız yerə öldürülməsinə və edam edilməsinə, etirazçıların gözlərinin çıxarılmasına, onların həbsinə və işgəncələrə baxmayaraq, bu, həyatımız və ruhumuz üçün qələbə anına qədər mübarizəni davam etdirmək naminə ümid və motivasiya alovudur”, - 7 siyasi məhbus qadının bəyanatında deyilir.
Onlardan başqa bir sıra digər siyasi məhbus da etiraz edən vətəndaşlarla həmrəy olaraq aclıq aksiyasına başlayıb.
Avaz.Biz