AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

HƏMAS-İsrail müharibəsi: dünya ictimaiyyəti kimi dəstəkləyir?

10:55, 17 Noyabr 2023 👁 Oxunub: 23

HƏMAS yaraqlılarının oktyabrın 7-də İsrailə hücum edərək, 100-lərlə insanı girov götürməsi beynəlxalq ictimaiyyətin birmənalı şəkildə İsrailin müdafiəsinə qalxmasını şərtləndirdi. Lakin İsrail ordusunun Qəzzada başlatdığı qeyri-adekvat və yüzlərlə insanın, o cümlədən də qadının və uşağın ölümünə səbəb olan hərbi əməliyyatlar beynəlxalq aləmdə fələstinlilərə dəstək əhval-ruhiyyəsini gücləndirdi.

Avaz.Biz xəbər verir ki, ACLED (hərbi münaqişələr barədə məlumatların toplanması üzrə ixtisaslaşıb) təşkilatının hesablamalarına görə, Qəzza ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı oktyabrın 7-dən 27-dək dünyada 4200 nümayiş keçirilib. Bu həmin zaman kəsiyində bütün dünyada keçirilən mitinqlərin 38%-ni təşkil edib. Etiraz aksiyalarının 3600-də insanlar Fələstinə, 500-də isə İsrailə dəstək nümayiş etdiriblər. 95 mitinqdə hər iki tərəf sülhə çağırılıb. Nümayişlər İsrailin strateji müttəfiqi olan ABŞ-da (600-dən çox), Avropada, Yaxın Şərqdə və Afrikada (təxmnən 1400) baş tutub. Aksiyaların intensivliyinə görə, Yəmən, İran, Türkiyə və Mərakeş seçiliblər. Bir çox ölkədə ABŞ (İsraili dəstələdiyinə görə) və İsrail markalı məhsullara boykot elan olunur. Maraqlıdır ki, hətta ABŞ-nin diqtəsi altında xarici siyasət yürüdən bir sıra Qərb ölkəsində belə Fələstini dəstəkləyən izdihamlı mitinqlər keçirilir. Həmin dövlətlərin siyasi rəhbərliyi bu mitinqləri ölkədə çoxsaylı müsəlman icmalarının mövcudluğu ilə əlaqələndirməyə çalışsalar da, etiraz aksiyalarında müxtəlif konfessiyaların minlərlə təmsilçisinin fəallığı tam başqa reallıqdan xəbər verir. Bu, əslində, həmin ölkədəki vətəndaşların siyasi elitanın Vaşinqtonun yedəyində getməsinin əleyhinə olduğunu sübuta yetirir. Avaz.Biz